EUR USD RUB

Redaktorun seçimi

“Falcon Heavy” raketi “Tesla” ilə birlikdə uçdu - TARİXİ HADİSƏ - VİDEO

  • 1207 dəfə
  • Tarix 07 Fevral 2018 / 11:05

Fevralın 6-da yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə fevralın 7-si saat 00:45) ABŞ-ın Florida ştatındakı Kanaveral burnundakı kosmodromdan “SpaceX” şirkəti tərəfindən hazırlanan dünyadakı ən güclü “Falcon Heavy” ağır daşıyıcı raketin ilk buraxılışı həyata keçirilib.

 

İKT.lent.az-ın xəbərinə görə, “SpaceX” şirkəti özünün “YouTube” kanalında tarixi hadisəni canlı yayımlayıb.

 

Uçuşun 2-ci dəqiqəsində raketin hər iki yan sürətləndiricisi ikinci hissədən uğurla ayrılıb və 2-ci hissə trayektoriya üzrə uçuşu davam etdirib. Uçuşdan 8 dəqiqə sonra yan sürətləndiricilər 1-ci və 2-ci eniş zonalarına eyni anda eniblər.

 

Raketin buraxılışı sınaq məqsədilə həyata keçirildiyi üçün yeganə faydalı yük “SpaceX”ın sahibi İlon Maskın vişnə rəngli, elektrik mühərrikli “Tesla Roadster” avtomobili olub. Orbitə buraxılan “Tesla”nın sürücü kreslosuna skafandr geydirilmiş maneken sürücü yerləşdirilib. Gələcəkdə şirkətin astronavtları məhz bu skafandrla uçacaqlar. İ. Mask deyib ki, adətən sınaq uçuşlarında beton bloklardan istifadə olunur. Lakin o, bunu darıxdırıcı sayıb və kosmosa öz avtomobilini göndərməyi qərara alıb. Start zamanı elektromobilin audiosistemi Devid Bouinun (David Bowie) “Space Oddity” mahnısını səsləndirib. Avtomobilin panelində quraşdırılmış ekranda Duqlas Adamsın “Qalaktikada avtostopla gəzinti” romanına istinadla “Panikaya düşmək olmaz!” yazısı görünüb.

İ. Mask öz “Twitter” səhifəsində avtomobilin uçuş trayektoriyası barədə məlumat verib və “Tesla”nın Avstraliya üzərindən keçərkən çəkilən fotosunu yerləşdirib. O, elektromobilin kosmosda milyardlarla il boyunca uçacağını söyləyib.

 

“Falcon Heavy”nin sınaq buraxılışı ümumən uğurlu olub. Buraxılışdan 1 saat sonra raket 7 min km hündürlüyə çatıb. Raket daha sonra pilot missiyalarında və Aya, Marsa uçuşlar üçün istifadə olunacaq.  

 

“Falcon Heavy”nin startı bu il dünya kosmonavtikasında ən önəmli hadisədir. Onun uzunluğu 70 metr, diametri 12,2 metr, çəkisi yanacaqla birlikdə 1420 tondur. Raket aşağı Yer ətrafı orbitə 64 ton, geostasionar orbitə 26,7 ton, Marsa doğru uçuş trayektoriyasına 16,8 ton, Pluton istiqamətinə 3,5 tona yaxın yük çıxara biləcək.

 

 

SİZİN REKLAM BURADA