Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Bakutel 2016" sərgisi başladı - -

Bakı Ekspo Mərkəzində XXII Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları" - "Bakutel 2016" sərgi-konfransı öz işinə başlayıb.

 

APA TV-nin məlumatına görə, "Bakutel" sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya sahəsinin aparıcı iştirakçılarını bir araya toplayır. İnformasiya texnologiyaları üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi "Bakutel" sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib

 

"Bakutel" sərgisi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində daha sonra "Iteca Caspian" və "Caspian Event Organisers" ("CEO") şirkətləri çıxış edirlər. Builki sərgi Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illik yubileyinə təsadüf edir.

 

Cari ildə sərgiyə dünyanın 18 ölkəsindən ümumilikdə 200 iştirakçı qatılıb. Eksponentlərin 40 faizini "Bakutel" sərgisində mütəmadi olaraq təmsil olunan şirkətlər təşkil edir. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları var.

 

Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edir. Bakıda keçirilən sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında Fransa, Rusiya, Belarus, Xorvatiya,  ABŞ, Ukrayna və digər ölkələrdən olan şirkətlər yer alıb.

 

Bu il dünyanın 9 ölkəsi - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland Krallığı, Sloveniya, Türkiyə və Xorvatiya milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ hesab edilən layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər. Qeyd edək ki, Niderland Krallığı milli pavilyonla sərgidə ilk dəfə təmsil olunur.

 

İlk dəfə olaraq sərgi çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən peyk, nanotexnologiyalar, "Elektron hökumət" və "Elektron imza" infrastrukturu, Data Mərkəzin "bulud" texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər nümayiş olunacaq.

 

Burada gənc mütəxəssislərə, habelə startapçılara potensial investorlarla əməkdaşlıq, eləcə də öz ideya, məhsul və xidmətləri barədə məlumat vermək imkanı yaradılacaq.

 

Dörd gün davam edən sərgi rabitə, telekommunikasiya, peyk rabitəsi texnologiyaları, informasiya və ofis texnologiyaları, 4G-5G mobil şəbəkə və "bulud" texnologiyaları sahəsində xidmətlər, "elektron hökumət", informasiya təhlükəsizliyi, kosmik texnologiyalar seqmentlərini əhatə edəcək.

 

Sərginin işgüzar proqramı çərçivəsində Regional Rabitə Birliyinin (RRB) İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksək səviyyəli İşçi qrupunun 4-cü toplantısı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İKT sahəsi üzrə İşçi qrupunun 1-ci toplantısı və birinci Nazirlər Toplantısı keçiriləcək. Eyni zamanda Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hulin Zaonun yerli startapçılarla görüşü təşkil olunacaq.

 

Həmçinin işgüzar görüş və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını informasiya texnologiyalarının istifadə olunduğu sürpriz, müsabiqə və viktorinalar da gözləyir. Builki sərgi çərçivəsində bir sıra əyləncəli oyun və viktorinaların təşkili də nəzərdə tutulub.

 

2 dekabr tarixinədək davam edəcək sərgi çərçivəsində rabitə və informasiya texnologiyaları sahəsində çalışan şirkətlər arasında işgüzar görüşlərin keçirilməsi də nəzərdə tutulub.

LENT

20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017