Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Bakcell"in ilk işçilərindən Vəfa Səfərəliyeva: "Peycerlə maksimum bir gün ehtiyacımı ödəyə bilərəm"

Bu il Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti 20 illik yubileyini qeyd edir. Bu münasibətlə İKT.lent.az saytı Azərbaycanda mobil rabitənin təməlini qoyan və şirkətdə ən uzun müddət ərzində fəaliyyət göstərən əməkdaşlarla maraqlı müsahibələr təşkil edir. Növbəti müsahibimiz şirkətin yarandığı ilk günlərdən indiyə kimi sadiqliklə çalışan Vəfa Səfərəliyevadır.

 

- Vəfa xanım, şirkət yarandığı vaxtları necə xatırlayırsınız və başlanğıcda hansı çətinliklər var idi?

 

- Başlanğıcda əməkdaşlarımızın sayı çox az idi. Kollektivimizin hər bir üzvü demək olar ki, bütün işlərin öhdəsindən gəlməyi bacarırdı. O vaxtlar insanların çoxunun kompüter biliklərinin o qədər də güclü olmadığını nəzərə alsaq, bu sahədə istifadə olunan spesifik proqramlarla işləmək də müəyyən dərəcədə çətin idi.

 

Mən peycer xidmətinin əməkdaşı vəzifəsində işə başladıqda 17 yaşım var idi. Sahənin, ümumiyyətlə, ölkədə yeni olması isə işə xüsusi maraq qatırdı. Kollektiv balaca olduğundan, özümüzü ailədəki kimi hiss edirdik. İş günü bitdikdə belə, iş yerimizdən çıxmaq istəmirdik.

 

İndiki gənclərin çoxu peycerin nə olduğunu bilmirlər. Amma o vaxtlar peycer sahibi olmağın öz üstünlükləri var idi. Peycerlər yeni istifadəyə verildikdə, cəmi 6 rəqəmli mesajlar göndərmək olurdu. Abunəçilər 8989 nömrəsinə zəng edərək operatora hansı nömrəli peycerə mesaj göndərmək istədiyini, daha sonra isə 6 rəqəmi deməli olurdular. Peycer sahibi kiçik ekranda mesaj vasitəsilə qəbul etdiyi 6 rəqəmli nömrədən onu kimin axtardığını bilir, adi ev telefonu ilə həmin nömrə ilə əlaqə yaradırdı. Bununla yanaşı, müəyyən sözlər 6 rəqəmlə kodlaşdırılırdı. Məsələn, 07734 kodu “Salam” demək idi. Daha sonra isə hərflərdən ibarət mesajları qəbul edə bilən peycerlər istifadəyə verildi.

 

- İndiki zəmanədə digər mobil cihazsız, yalnız peycerlə neçə gün rabitəyə olan ehtiyaclarınızı ödəyə bilərsiniz?

 

- Əlaqənin birtərəfli qaydada olmasını bugünkü gündə çətin təsəvvür etmək olar. Düşünürəm ki, yalnız peycerlə maksimum bir gün rabitəyə və məlumat əldə etməyə olan ehtiyacımı ödəyə bilərəm.

 

- Hazırkı işiniz nədən ibarətdir?

 

- Müştəri təcrübəsi və onlayn kanalların idarə edilməsi üzrə qrup rəhbəri vəzifəsində işləyirəm. Şirkətimiz tərəfindən abunəçilərə müxtəlif məlumatların çatdırılması və göstərilən xidmətin səviyyəsinin ölçülməsi məqsədilə zənglər edən qrupa rəhbərlik edirəm. İşim və həmkarlarıma çox bağlıyam.

 

- Uzun müddət ərzində eyni yerdə çalışmağın üstünlükləri nədir?

 

- “Bakcell”ə qarşı olan sadiqliyimizin səbəbini ilk növbədə kollektivlə əlaqələndirirəm. Digər səbəb isə şirkətin işçilərə olan münasibətidir. Şirkətdə çalışan hər bir kəs üçün eyni imkanlar yaradılır. İstənilən əməkdaş peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ən yüksək səviyyəli təhsil, ixtisasartırma kursları və digər şəraitlə təmin edilir. Hətta ali təhsilini davam etdirmək istəyənlər üçün də geniş imkanlar yaradılır. Başqa sözlə, işinə məsuliyyət və vicdanla yanaşan hər bir işçinin uğurlu karyera qurması üçün istənilən şərait var.

 

- İş yerinizdə özünüzə ömrünüzün sonuna qədər etibar edə biləcəyiniz dost qazana bilmisinizmi?

 

- Əlbəttə. İşdə rastlaşdığımızdan öncə ailəsini tanıdığım bir insanla yaxın rəfiqə olmuşuq. Belə dostluq hər insana nəsib olmur. Bu kimi dəyərləri ömrün sonuna qədər qorumaq lazımdır.

 

- Karyerasına yeni başlayan insana nəyə görə “Bakcell”də işləməyi məsləhət görə bilərsiniz?

 

- Texnologiyalar daim inkişaf edir. Burada bir çox bilik və bacarıqlara yiyələnmək olar. Qarşıya qoyduğu məqsədlərə doğru inamla hərəkət edən hər bir gənc üçün burada işləmək maraqlı olar. Düşünürəm ki, bunu məndən daha yaxşı “Smart Start” təcrübə proqramının məzunları izah edə bilərlər. Onu da qeyd edim ki, onların sırasında hazırda "Bakcell" tərəfindən daimi işlə təmin olunanlar da var. Onlar artıq “Bakcell”in peşəkar həyatı ilə tanışdırlar.

 

- İş vaxtı hansı yadda qalan maraqlı hadisə ilə rastlaşmısınız?

 

- Uzun müddət bundan öncə o zaman satışa yeni çıxarılan kiçik ölçülü mobil telefon alan abunəçilərimizdən biri ilə baş verən hadisə. Qiyməti elə də ucuz hesab edilməyən telefonun sahibi “O qədər pul alırlar, bir az yekə knopka qoya bilmirlər, imkan verməzlər tanışların yanında rahat öyünək” deyərək gileylənirdi.

 

 

LENT

24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017