Bu bölmə Bakcell tərəfindən təqdim olunur

FBİ axtardığı hakerin Rusiya kəşfiyyatı ilə əlaqəsini tapıb

ABŞ Federal Təhqiqatlar Bürosu (FBİ) barəsində axtarış elan etdiyi təhlükəli rusiyalı hakerin Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsini aşkarlayıb.

 

İKT.lent.az-ın “The New York Times”a istinadən verdiyi xəbərə görə, FBİ haker Yevgeni Boqaçovun Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqəsini müəyyənləşdirib. Qəzet Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına əsaslanır. Belə ki, ukraynalı müstəntiqlər Y. Boqaçovu FSB-nin xüsusi şöbəsinin müşahidəsi altında çalışan şəxs kimi xarakterizə ediblər.

 

“The New York Times” bildirir ki, Rusiya kəşfiyyatı Y. Boqaçov tərəfindən haker hücumlarına məruz qalan kompüterlərdən lazımi informasiyaları götürürmüş. Y. Boqaçovun virusa yoluxdurduğu kompüterlər arasında ABŞ dövlət idarələri və məmurlarının kompüterlərinin də olduğu güman edilir. Rusiya kəşfiyyatını ilk növbədə “tam məxfi” və “Müdafiə Nazirliyi” sözlərinin olduğu, Ukrayna və Suriya münaqişəsindən bəhs olunan fayllar maraqlandırıb.

 

Y. Boqaçovun haker karyerası azı 10 il əvvəl başlayıb. Məhz arxasında xüsusi xidmət orqanları dayandığına görə onun gizlənmədiyi və Anapa şəhərində yaşadığı, bahalı avtomobillərdə hərəkət etdiyi və yaxta sahibi olduğu bildirilir. Onun 3 fərqli ad altında Rusiya pasportları olduğu barədə də məlumatlar var.  

 

Y. Boqaçov 2016-cı ildə daha bir rusiyalı haker – Aleksey Belan, eləcə də Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Korobovla birlikdə ABŞ-ın sanksiya siyahısına düşüb. ABŞ xüsusi xidmət orqanları Boqaçovun “Zeus” troyan virusunun yayılması ilə məşğul olan qrupun daxilində fəaliyyət göstərdiyini və şəbəkədə “Lastik”, “lucky12345”, “Monstr”, “Pollingsoon”, “Slavik” psevdonimlərindən istifadə etdiyini hesab edir.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017