Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ Rusiyadan “Yahoo”ya hücum edənlərin təhvil verilməsini istədi

ABŞ Ədliyyə Nazirliyi Rusiyadan “Yahoo” istifadəçilərinə aid 500 milyon səhifəni “sındırmaqda” günahlandırılan 3 rusiyalı hakerin təhvil verilməsini istəyib.

 

İKT.lent.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Mark Raymondi bildirib ki, iki ölkə arasında ekstradisiya haqqında razılaşma olmamasına baxmayaraq, Rusiya kibercinayətdə ittiham olunan 3 vətəndaşını ABŞ-a təhvil verə bilər. “ABŞ və Rusiya arasında ekstradisiya haqqında saziş yoxdur, lakin bu, Rusiya hakimiyyətinin ciddi cinayətlərdə ittiham olunan adamları həbs etməsinə və ABŞ-a təhvil verməsinə mane olmamalıdır. Bu şəxslərə bizim müstəqil məhkəmə sistemimiz çərçivəsində bütün hüquqlar veriləcək”, - deyə M. Raymondi söyləyib.

 

Qeyd edək ki, Rusiya Konstitusiyanın 61-ci maddəsinə əsasən ölkə vətəndaşı başqa dövlətə təhvil verilə bilməz.

 

Xatırladaq ki, ABŞ-ın Şimali Kaliforniya məhkəməsi “Yahoo” şirkətinin 500 milyon istifadəçisinin səhifələrini “sındırmış” 4 rusiyalıya rəsmi ittiham irəli sürüb. Həmin 4 nəfərdən 2-si Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Dmitri Dokuçayev və İqor Suşin, digərləri isə ABŞ tərəfindən axtarılan məşhur haker Aleksey Belan və digər haker Kərim Baratovdur. D. Dokuçayev hazırda Rusiyada vətənə xəyanət ittihamı ilə həbsdədir. İttiham aktında bildirilir ki, bu şəxslər 2014-cü ildə “Yahoo”ya kiberhücum təşkil edərək 500 milyon akkaunta çıxış əldə ediblər. Bu məlumatlardan yararlanan hakerlər həm ABŞ, həm də Rusiya dövlət məmurlarının, eləcə də jurnalistlərin “Yahoo”, “Google” və digər poçt serverlərindəki elektron ünvanlarına daxil olublar. Qurbanlar sırasında Rusiyada kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkət, Rusiya investisiya bankı, Fransa nəqliyyat şirkəti, İsveçrə bitkoin operatoru, ABŞ aviaşirkəti də var. ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, bu şirkətlərin hamısı FSB-nin maraq dairəsinə daxil imiş. Qeyd olunur ki, Dukoçayev və Suşin ABŞ federal Təhqiqatlar Bürosu (FBİ) tərəfindən axtarılan A. Belanı lazımi informasiyalarla təmin ediblər ki, bu haker FBİ-ın əlinə keçməsin. A. Belan isə "sındırılan” səhifələrdən əldə olunan məlumatı qanunsuz gəlir qazanmaq üçün istifadə edib. İttiham olunanlardan biri – Qazaxıstan əsilli Kərim Baratov Kanadada yaxalanıb və hazırda ABŞ-da həbsdədir.

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017