Bu bölmə Bakcell tərəfindən təqdim olunur

DTX-dan informasiyaların mühafizəsi ilə bağlı mühüm qərar

Dövlət Təhlükəsizliyi Xidməti “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” qərar verib.

 

APA-nın məlumatına görə, qərar mayın 26-dan qüvvəyə minib.

 

Qərarla təsdiq edilən İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma sistemi haqqında Əsasnaməyə əsasən Dövlət Təhlükəsizliyi Xidməti Sertifikatlaşdırma üzrə Orqan kimi müəyyən olunmuş qaydada Sertifikatlaşdırma Sisteminin fəaliyyətini təşkil edir. Sertifikatlaşdırma Sisteminin əsas məqsədi dövlət sirrinin mühafizəsi sisteminin, digər informasiya ehtiyatlarının mülkiyyətçilərinin və istifadəçilərinin sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri ilə təmin edilməsi yolu ilə Azərbaycanın informasiya təhlükəsizliyi siyasətinin, informasiya sahəsində milli maraqların müdafiəsinin dəstəklənməsidir. Dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan milli informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması istehsalçının müraciəti əsasında aparılır.

 

Qərara əsasən məcburi sertifikatlaşdırılmalı olan informasiyanı mühafizə vasitələrinin siyahısı da müəyyənləşdirilib.  Məcburi sertifikatlaşdırılmalı olan informasiyanı mühafizə vasitələrinin siyahısı dövlət sirrinin mühafizəsində tətbiq edilən informasiya mühafizəsi vasitələrini müəyyən edir. Sertifikatlaşdırma Sistemində sertifikatlaşdırmadan keçməli olan informasiyanı mühafizə vasitələrinin siyahısı genişdir. Siyahıda texniki mühafizə vasitələrinə infraqırmızı, ultrabənövşəyi və görünən dalğalar diapazonunda optik siqnalları (təsvirləri), hava, su və bərk mühitlərdə yayılan akustik siqnalları, elektromaqnit siqnallarını, o cümlədən texniki vasitələrin fəaliyyəti zamanı yaranan kənar elektromaqnit şüalanma və induksiyanı (KEMŞİ) və cərəyankeçirici kommunikasiyalarda yaranan elektrik siqnallarını əldə edilmədən qoruyan informasiyanı mühafizə vasitələri,  informasiyanı gizli əldə etmə qurğularının aşkar edilməsi üçün xüsusi texniki vasitələr daxildir. Siyahıda yer alan mühafizə olunmuş texniki vasitələr və sistemlərə rabitə kanalları ilə ötürülən informasiyanı skrembləmə, maskalama və ya şifrləmə vasitələri və  optik kanallar vasitəsilə informasiyanı ötürmə avadanlığı aiddir. İcazəsiz daxil olmadan informasiyanı qoruyan texniki vasitələrdən qıfıllar (mexaniki, elektromexaniki, elektron), plomblar, birdəfəlik qıfıllar, qoruyucu yapışqan lentlər, qoruyucu və holoqrafik etiketlər, xüsusi qoruyucu qutular, müxtəlif tipli elektrik vericiləri, mühafizə və nəzarət televiziya sistemləri, lazer sistemləri, optik və infraqırmızı diapazonlu sistemlər, identifikasiya qurğuları, plastik identifikasiya kartları, fiziki məlumat daşıyıcılarının (kassetlər, optik və maqnit disklər və s.) daşınması və saxlanılması üçün xüsusi vasitələr və təzyiq sistemləri məcburi sertifikatlaşdırılmalı olan informasiyanı mühafizə vasitələrinin siyahısındadır.

 

Optik-kimya texnologiyaları əsasında sənədlərin saxtalaşdırılmasına qarşı xüsusi mühafizə vasitələrindən sənədlərin kserosurətinin çıxarılmasından, kimyəvi identifikasiya məhlullarının köməyi ilə sənədlərin saxtalaşdırılmasından (dəyişdirilməsindən) və informasiyanı steqanoqrafiyanın köməyi ilə mühafizə edən vasitələr, o cümlədən məlumatın fiziki daşıyıcılarının (kağız, video və audio kassetlər, disklər və s.) saxlanılması, daşınması üçün xüsusi qablar və təcili məhv edilməsi üçün xüsusi texniki vasitələr siyahıya salınıb. İcazəsiz müdaxilədən və proqram gizlinclərindən proqram mühafizə vasitələrindən informasiyaya müraciəti tənzimləyən, müxtəlif əlamətlər üzrə terminal və istifadəçilər üçün identifikasiya və autentifikasiya proqramları (parol, əlavə kod sözləri, biometrik parametrlər və s.), antivirus proqramları, əməliyyat sistemlərini mühafizə edən proqramlar, ümumsistem və tətbiqi proqram təminatlarının bütövlüyünə nəzarət proqramları, resursların istifadə qaydalarının pozulması barədə xəbərdarlıq və yaddaş qurğularında qalıq informasiyanı məhv edən proqramlar, məlumatların fayl strukturuna nəzarət və onların bərpası proqramları siyahıda əksini tapıb. İnformasiyanın emalı üçün mühafizə olunmuş proqram vasitələrindən avtomatlaşdırılmış iş yerləri üçün tətbiqi proqram paketləri, hesablama şəbəkələrinin verilənlər bazaları, avtomatlaşdırılmış idarəetmə sistemlərinin proqram vasitələri, proqram-texniki mühafizə vasitələri, icazəsiz surətçıxarmadan proqram-texniki mühafizə vasitələri, məlumat daşıyıcılarının mühafizə vasitələri, proqram təminatının surətinin çıxarılmasının qarşısını alan vasitələr, o cümlədən kriptoqrafik və steqanoqrafik proqram-texniki vasitələr, istifadəçinin informasiya müraciət qaydalarını pozması zamanı proqramın işini dayandıran proqram-texniki vasitələr (proqramın məcburi dayandırılması, kompüterin bloklanması), məlumatın silinməsi üçün proqram-texniki vasitələr (məxfi məlumatların emalı prosesində yaranmış qalıq informasiyanın əməliyyat yaddaşından və maqnit daşıyıcılardan silinməsi, köhnəlmiş məlumatın maqnit daşıyıcılardan etibarlı silinməsi), proqram və proqram-texniki gizlinclərin aşkarlanması və lokallaşdırılması üçün proqram-texniki vasitələr siyahıda yer alıb. Şəxsiyyətin identifikasiyasını qoruyan xüsusi vasitələr (səs siqnallarını fonoqrafik ekspertizadan qoruyan vasitələr, daktiloskopik ekspertizadan qoruyan vasitələr və retinoskopik ekspertizadan qoruyan vasitələr) də məcburi sertifikatlaşdırılmalı olan informasiyanı mühafizə vasitələrinin siyahısındadır.

 

Azərbaycanda rabitə xətlərində əməliyyat-axtarış sistemlərinə icazəsiz müdaxilədən mühafizə edən proqram-aparat vasitələri də məcburi sertifikatlaşdırılmalı olan informasiyanı mühafizə vasitələrinin siyahısında yer alıb. Başqa sözlə, naqilli və mobil rabitə şəbəkələrində, o cümlədən internet şəbəkəsində əməliyyat-axtarış sistemlərinə icazəsiz müdaxilədən mühafizə edən proqram-aparat vasitələri məcburi sertifikatlaşdırılacaq.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017