Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Trampın müşaviri amerikalıları “Kasperski”dən imtina etməyə çağırdı

ABŞ prezidentinin kibertəhlükəsizlik üzrə müşaviri Rob Coys amerikalıları “Kasperski Laboratoriyası”nın proqramlarından imtina etməyə çağırıb.

 

İKT.lent.az-ın “CBS News”a istinadən verdiyi xəbərə görə, daha əvvəl ABŞ administrasiyası federal hökumətin ehtiyacları üçün “Kasperski”nin məhsullarını əldə etməyi qadağan etmişdi. R. Coys isə ştatlar, yerli idarəetmə orqanları, özəl biznes və şəxsi ehtiyaclar üçün də Rusiya şirkətinin proqramlarından istifadə olunmasının əleyhinə çıxıb: “Mən şəxsən “Kasperski Laboratoriyası”nın məhsullarından istifadə etmirəm. Məni narahat edən odur ki, Rusiya dövləti bizim ölkəmizə qarşı çoxlu düzgün olmayan hərəkətlərə yol verib. Onların əlində bu şirkətdən daxil olan geniş həcmli informasiyalar var. Mən bundan çox narahatam”.

 

R. Coys bildirib ki, ABŞ-ın öz elektron kommunikasiyalarını müdafiə etməsi üçün kompüter təhlükəsizliyi sahəsində 300 minə yaxın mütəxəssis çatışmır.

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) direktorunun keçmiş müavini Maykl Morell isə Rusiya kəşfiyyatı ilə “Kasperski” arasında əlaqə olduğunu söyləyib: “Mən tam əminəm ki, Rusiya kəşfiyyatı bu əlaqədən öz maraqları üçün istifadə edir”.

 

“CBS News”un xəbərinə görə, qanunvericilik səviyyəsində qadağa olmamasına baxmayaraq, Federal Təhqiqatlar Bürosunun (FBİ) agentləri özəl şirkətlərlə söhbət apararaq onları “Kasperski Laboratoriyası”nın proqramlarından imtina etməyə çağırır.


Qeyd edək ki, Rusiya şirkətinin rəhbəri Yevgeni Kasperski kəşfiyyatla əlaqələrinin olması barədə iddiaları təkzib edib.

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017