Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanda lisenziyasız proqram satan şirkətin şikayəti rədd edildi

Bakı Apellyasiya Məhkəməsi "ABC Telecom" ("Kontakt") şirkətinin birinci instansiya məhkəməsi qərarının ləğvi və "Microsoft" korporasiyasına qanunsuz proqram təminatının satışı ilə dəymiş zərərlə bağlı yeni ekspertizanın keçirilməsi üzrə apellyasiya şikayətini və xahişini rədd edib.

 

"Microsoft" korporasiyasının Azərbaycan nümayəndəliyindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin may ayında Azərbaycan tarixində ilk dəfə olaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi kompüterlərə "Microsoft"un lisenziyasız proqram təminatını yükləyərək satışları həyata keçirən "ABC Telecom" şirkətinə qarşı müəllif hüquqlarına dair Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqi ilə bağlı qərar qəbul edib.

 

Məhkəmənin qərarına əsasən, "ABC Telecom" şirkətinə "Microsoft"un lisenziyasız proqram təminatının satışı və istifadəsinə qadağa qoyulub və korporasiyaya dəymiş zərərin ödənilməsi sərəncamı verilib. Sözügedən qərar apelyasiyadan öncə ali məhkəmə tərəfindən təhlil olunub. Nəticədə Bakı Apellyasiya Məhkəməsi "ABC Telecom" şirkətinin ilk instansiya məhkəməsinin qərarının ləğvi üzrə apellyasiya şikayətini və yeni ekspertizanın keçirilməsi üzrə xahişini rədd edib. Prosesin iştirakçıları apellyasiya məhkəməsinin qərarından kasasiya qaydasında Ali Məhkəməyə şikayət etmək hüququna malikdir.

 

Bu qərar lisenziyasız proqram təminatının yayılması və istifadəsinin aradan qaldırılması ilə bağlı Azərbaycan hökumətinin qəti qərarını bir daha vurğulayır.

 

Proqram təminatının lazımi lisenziyalarsız istifadəsi və saxtalaşdırılması Azərbaycan istifadəçiləri üçün ən çox yayılmış kibertəhlükəsizlik riskləridir. Bundan irəli gələrək Azərbaycan müəllif hüquqlarının qorunması və risklərin azaldılması istiqamətində məqsədyönlü şəkildə irəliləyir.

 

Bir çox şirkətlər etibarlı təchizatçılardan lisenziyalı proqram təminatının alınması və proqram aktivlərinin effektiv idarə olunması (SAM) siyasəti və təcrübələrinin hazırlanması vasitəsilə kibertəhlükə risklərini azalda bilər. Lisenziyalı proqram təminatından istifadənin artımı istehlakçıların davranışında labüd dəyişikliklərə səbəb olacaq və Azərbaycanda ümumi biznes mühitinə müsbət təsir edəcək.

 

Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, 20162017-ci illəri əhatə əhatə edən dövri hesabata görə Azərbaycan 138 ölkə arasında 37-ci yeri tutub. Əqli mülkiyyətin qorunması ümumi qiymətə təsir edən meyarlardan biridir. Əqli mülkiyyət hüquqlarına uyğun olaraq yeni texnologiyaların geniş istifadəsi ölkədə İT sahəsinin geniş inkişafını təmin etməyə imkan yaradacaq, həmçinin milli iqtisadiyyatda vergi daxilolmalarının artmasına səbəb olacaq.

 

BSA-nın “Lisenziyasız proqram təminatı və kibertəhlükələr” adlı araşdırmasının nəticələrinə əsasən, zərərli proqram təminatı çox vaxt saxta proqram təminatı ilə bağlı və kibercinayətkarlar üçün mənfəətli vektor ola bilər. Saxta proqram təminatından  istifadə edənlər yüksək risk altında ola bilərlər, xüsusilə də əgər  söhbət maliyyə fırıldaqçılığı, məlumatların oğurlanması, məxfiliyin pozulması və sistemlərin sıradan çıxmasına gətirib çıxara biləcək casus proqramlar və viruslardan gedirsə.

 

Əqli mülkiyyətin qorunması sistemi Azərbaycanda inkişaf etməkdədir və ölkə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının fəal üzvü olmaqla yeni beynəlxalq qaydaların hazırlanmasında iştirak edir. “Microsoft” korporasiyası istifadəçiləri saxta proqram təminatını almamağa və özlərini və şəxsi məlumatlarını müasir kibertəhlükələrdən qorumağa çağırır.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017