Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Apple" 3 ədəd yeni "iPhone" təqdim etdi - -

ABŞ-ın “Apple” korporasiyası özünün yeni ofis kompleksində yeni məhsullarının təqdimatını keçirib.


İKT.lent.az-ın xəbərinə görə, mərasim “The Beatles” qrupunun “All You Need İs Love” musiqisinin sədaları altında korporasiyanın yeni kampusu barədə videonun nümayişi ilə başlayıb.

 

Sonra zalda işıqlar söndürülüb, jurnalistlərdən noutbuklarının qapağını bağlamaq xahiş olunub və “Apple”ın qurucusu Stiv Cobs haqqında video göstərilib. S.Cobsun “Biz özümüzə sadiq qalmalıyıq. Bu, ”Apple”ı “Apple” edən əsas dəyərdir” sözləri eşidilib.

 

Baş direktor Tim Kuk səhnəyə çıxaraq hər saniyə "bu təqdimatı kaş Stiv Cobs keçirəydi" deyə düşündüyünü söyləyib: “Bugünkü tədbirin keçirildiyi zal məhz Stiv Cobs teatrı adlanır. Biz bu teatrı ona həsr edirik. Hər zaman olduğu kimi, bu gün də onu anırıq”.


T.Kuk ABŞ-da baş vermiş qasırğalar nəticəsində ölənləri də anaraq, yeni kampus haqda qısa məlumat verib. O bildirib ki, yeni mənzil-qərargah ətraf təbiətə tam uyumlu şəkildə qurulub. Belə ki, bina on minlərlə ağacla əhatə olunub və günəş panellərindən enerji alır. Çoxlu sayda nəhəng pəncərələr isə əməkdaşların Kaliforniyanın gözəlliklərindən həzz almasını təmin edəcək.


Tədbirin ilk anonsu bu olub ki, şirkətin bütün dünya üzrə iri mağazalarında (“Apple Store”) redizayn aparılacaq. Belə ki, orada alıcıların istirahəti üçün güşələr yaradılacaq, eləcə də sahibkarların “Apple” təmsilçiləri ilə görüşüb müzakirələr aparması üçün konfrans zalları olacaq. Bir sözlə, “Apple” öz mağazalarına adi ticarət obyektindən daha böyük məna qatmaq istəyir.


Daha sonra şirkətin məhsulları barədə məlumatların verilməsinə başlanıb.


“APPLE WATCH”


Tim Kuk fəxrlə şirkətin “ağıllı” saatlarının dünyada ən populyar olduğunu deyib. Özü də təkcə bu seqmentdə deyil, bütün saatlar arasında.


“Apple Watch” komandasının üzvlərindən biri səhnəyə qalxaraq saat sahiblərini hansı yeniliklərin gözlədiyi barədə məlumat verib. Saatlarda yeni siferblat olacaq və orada saat sahibinin ürək döyüntüsü əks olunacaq. Saat aritmiyanı müəyyən edərək, sahibini bu barədə xəbərdar edəcək. Bu funksiyalar sentyabrın 14-də istifadəyə veriləcək “Watch OS 4” yeni əməliyyat sistemində tətbiq olunacaq. Daha əvvəl yayılan şayiələr təsdiqlənib və “Series 3”də LTE-modul tətbiq edilib. Artıq “iPhone”u evdə qoyub, “ağıllı” saatın köməyi ilə danışmaq və mesajlar qəbul etmək mümkün olacaq. Yəni “Apple” smart saatlarının sahibləri telefon danışığını saat vasitəsilə həyata keçirə biləcəklər. Tədbir zamanı aparıcı istirahətdə olan xanım əməkdaşlardan birinə zəng edib. Həmin an hansısa göldə üzən əməkdaş telefon zənginə öz saatı vasitəsilə cavab verib. “Ağıllı” saat “Apple Music”ə də qoşulur.

Hər zaman olduğu kimi, saat üçün yeni kəmərciklər, o cümlədən “Hermes”in dəri kəmərciyi təqdim olunub. “Series 3”ün qara keramikadan ibarət korpusa malik versiyası da hazırlanıb.


Saatların peyk modulsuz versiyası 329 dollar, peyk modullu versiyası isə 399 dollardır.


“APPLE TV 4K”


Gözlənildiyi kimi, “Apple TV” 4K formatını dəstəkləyəcək. Cihaz elə belə də adlanır: “Apple TV 4K”. Cihaz HDR formatı ilə işləyir, təbii ki, televizor bu texnologiyanı dəstəkləyirsə. O, təsvirə müsbət mənada radikal təsir edir, onu xeyli yaxşılaşdırır, detallaşdırır. Düzdür, HDR-televizorlar hələlik çox bahadır. “Apple TV 4K” son “iPad”də istifadə olunan A10X prosessoru ilə təchiz olunub. Bu, hazırda ən güclü çip sayılır.


“Apple TV 4K”nın satışları sentyabrın 22-də başlayacaq.


Və nəhayət, səbirsizliklə gözlənilən an:

 

“İPHONE 8”


Tim Kuk ənənəvi olaraq yeni smartfondakı inqilabi dəyişikliklər barədə məlumat verib: sensor displeydən “Face Time” və “AppStore”a qədər.


“iPhone 8” smartfonu “A11Bionic” prosessoru ilə təchiz olunub ki, bu, “A10”dan 70% sürətlidir. Ümumi dizayn əvvəlki kimidir, lakin metal korpusu şüşə korpus əvəzləyib. Cihaz 3 rəngdə hazırlanıb: qara, boz və qızılı. Displeyin diaqonalı adi modeldə 4,7, “Plus” modelində 5,5 düymdür. Yeni “TrueTone” texnologiyası ətraf işıqlandırmadan asılı olaraq təsvirin rəngini avtomatik dəyişir. 12 meqapiksel (apertura – f/1) kamera 83% daha çox işıq “tutur”. Daha təbii rəng ötürücülüyü, daha çox detal və daha az səs təmin olunub.


“iPhone 8 Plus”da ikili kamera var. Yeni “Portrait Lightning” funksiyası portret rejimdə səhnənin işıqlandırmasını dəyişməyə imkan verrir. Məsələn, portret fotosu çəkilən insanın arxasına fon yükləmək olur. “Apple” bildirir ki, bu video funksiyası mobil texnologiyalar tarixində ən yaxşısıdır. O, 4K-nı saniyədə 60 kadr sürətlə çəkir. Smartfonda ilk dəfə olaraq əlavə reallıq funksiyasından da istifadə olunub. Məsələn, “iPhone 8”i səmaya tutanda o, avtomatik olaraq ulduzların yerləşməsini ekranda göstərir. “Machines” mobil oyununun tərtibatçıları oyun əlavələrinin yaradılmasında əlavə reallığın üstünlüklərini nümayiş etdiriblər.

Gözlənildiyi ki, yeni “iPhone”ları simsiz şarj etmək olacaq. Artıq adaptoru özünüzlə daşımaq məcburiyyətindən xilas olursunuz, smartfonu dok-stansiyaya qoymaq yetərlidir.


Baza versiyası 64 Gb yaddaşa malikdir və qiyməti 699 dollar, “Plus” versiyası isə 799 dollardır.

“İPHONE X”


Daha bir şayiə öz təsdiqini tapıb və “Apple” yeni “iPhone X” (iks deyil, ten, yəni on) smartfonunu təqdim edib. “Super Retina” OLED displeyi ilə təchiz edilmiş smarfon 5,8 ekran ölçülüdür. HDR dəstəyi və “TrueTone” texnologiyasından istifadə edilib. Smartfonu toxunma ilə oyatmaq və aşağıdan yuxarıya əl gəzdirmə ilə blok etmək olur. Bu, “Home” düyməsini əvəz edir.


Barmaq izi skaneri yerinə “Face İD” üz tanıma fiunksiyası var. O, xüsusi kamera sistemi sayəsində çalışır. Sensorlardan biri sifətə işıq salır, digəri ən xırda nöqtələrə qədər sifətin modelini, neyroşəbəkələr isə riyazi modelini yaradır. Ona görə də “iPhone X”u aldatmaq mümkün deyil. “Apple” əmindir ki, nə başdakı papaq və ya digər örtüklər, nə saç düzümü, nə də eynəklər smartfonun insanı tanımasına mane ola bilər. Mühəndislər “Face İD” funksiyasını insan sifətinə bənzəyən xüsusi maskalarla məşq etdiriblər. Cihazda animasiyalı emojilərdən istifadə olunub.


“iPhone X”un kameraları “iPhone 8” və “8 Plus”da olduğu kimidir, yeganə fərq vertikal yerləşməsidir. Baza modelinin qiyməti 999 dollardır. Satış noyabrın 3-də bəzi ölkələrdə başlayacaq.

 

 

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017