Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rus “spam kralı” ABŞ-a təhvil verildi

İspaniya məhkəməsi ABŞ-ın müxtəlif qurumlarına qarşı haker hücumlarında ittiham olunan rusiyalı Pyotr Levaşovun ekstradisiyası barədə qərar qəbul edib.

 

İKT.lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, ABŞ-ın bir neçə ştatında barəsində cinayət işi açılmış P. Levaşov bu ölkəyə təhvil veriləcək.

 

P. Levaşov ifadəsində Rusiya ordusunun zabiti olduğunu və hakimiyyətdəki “Yedinaya Rossiya” Partiyası üçün müxalif qüvvələr haqqında informasiya topladığını deyib. O, vətənində məxfi məlumatlara çıxışının olduğunu söyləyib: “Mən Rusiya ordusunun zabitiyəm. Mənim məxfi hərbi-qeydiyyat ixtisasım var və mən bu məlumatları yaymamaq barədə iltizam vermişəm”.

 

Lakin “Yedinaya Rossiya” P. Levaşovun iddiasını təkzib edib. “Bu sayıqlamanı şərh etmək çətindir. Bu soyad bizim üçün heç nə demir”, - deyə partiyanın təmsilçisi “RİA Novosti”yə bildirib. P. Levaşovun ekstradisiyası üçün Rusiya hökuməti də İspaniyaya müraciət etmişdi.

 

Qeyd edək ki, 36 yaşlı Sankt-Peterburq sakini Pyotr Levaşov bu ilin aprelində İspaniyada saxlanılıb. Polis Rusiya vətəndaşının Barselonadakı mənzilinə daxil olaraq onun ABŞ-a qarşı haker hücumlarında ittiham olunduğunu, bu səbəblə həbsinə sanksiya verildiyini bildirib.  

 

ABŞ Ədliyyə Nazirliyi P. Levaşovun botnet vasitəsilə spamlar yaymaqda ittiham olunduğunu elan edib. Qurumun daha əvvəl yaydığı bəyanatda deyilir ki, P. Levaşov “Kelihos” adlı botnetin fəaliyyətinin qarşısının alınması üzrə həyata keçirilən əməliyyat çərçivəsində yaxalanıb. (Botnet hakerlərin müxtəlif kompüterlərə virus proqramları vasitəsilə daxil olaraq onları vahid şəbəkədə birləşdirib, kənardan idarə etməsi deməkdir.) Proqramçı bu botneti 2010-cu ildən bəri idarə edirmiş. “Aprelin 8-də “Kelihos” botneti ilə əlaqəli zərərli domenlərin blok olunması üzrə əməliyyata başladıq. Məqsəd zərərli proqram təminatının yayılmasının qarşısını almaq idi. Bu hadisə Federal Təhqiqatlar Bürosunun dünyanın harasında olmasından asılı olmayaraq, kibertəhlükələrin axtarışı və kökünün kəsilməsi prinsipinə bağlılığını göstərir”, - deyə FBİ-dan bildirilib. Bəyanatda qeyd olunur ki, “Kelihos” botneti nəhəng həcmdə zərərli elektron məktubların hazırlanması və yayılmasına səbəb olub. Böyük Britaniyanın spamların yayılmasını izləyən “Spamhaus” təşkilatının məlumatına əsasən Pyotr Levaşov spam yayıcılarının “Top-10” siyahısında 7-ci sıradadır. Təşkilat rusiyalını “spam kral”larından biri hesab edir.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017