Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” yeni smartfonlarını təqdim etdi -

“Google” şirkəti özünün yeni smartfonları – “Pixel 2” və “Pixel XL 2”ni rəsmən təqdim edib.

 

İKT.lent.az-ın xəbərinə görə, oktyabrın 4-də Bakı vaxtı ilə axşam saatlarında keçirilən təqdimat şirkətin “YouTube” kanalında canlı yayımlanıb.

 

Cihazlar funksiyalarına görə bir-birindən fərqlənmir, yeganə əhəmiyyətli fərq displeyin ölçüsüdür. “Pixel 2”nin ekranı 5, “Pixel XL 2”nin ekranı 6 düymdür. Şirkət nümayəndələri yeni “Pixel”lərin mövcud smartfonlar arasında ən yaxşı kamera ilə təchiz edildiyini bildiriblər. Cihazlar 12,2 meqapiksel əsas kamera və 8 meqapiksel frontal kameraya sahibdir. Smartfonlar “Qualcomm Snapdragon 835” prosessoru ilə təchiz edilib və “Android 8.0 Oreo” əməliyyat sistemi ilə çalışır.
 

Əsas yenilik budur ki, smartfonlar eksklüziv olaraq “Google”un yeni xidmətləri – AR-stikerlər (AR - augmented reality - əlavə reallıq) və “Google Lens”dən yararlanacaq. AR-stikerlər smartfonun ekranında real obyektləri virtuallarla birləşdirməyə imkan verir. “Google Lens” də əlavə reallıq texnologiyasından istifadə edir və yazıları, obyektləri tanımağa kömək edir.

 

Bundan başqa, smartfonlar “Always-On” funksiyasına malikdir. Ekran həmişə işlək vəziyyətdə olur və vacib informasiyaları (zənglər, mesajlar, saat, tarix) ekranda göstərir. Mikrofon da hər zaman fəaliyyətdə olur və məsələn, fon rejimində məkanda səslənən musiqini tanıyaraq onun ifaçısının adını ekrana çıxarır.

 

64 Gb yaddaşa malik “Pixel 2”nin qiyməti 649 dollar, “Pixel XL 2”nin qiyməti isə 849 dollardır. Artıq ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Hindistan və Avstraliyada ilkin sifarişlər başlayıb. Satış tarixi hələlik açıqlanmayıb.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017