Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiya “trol fabriki” ABŞ-da aranı necə qatmaq istədi? - ARAŞDIRMA

Rusiya dövlətinə işləyən “trol fabriki” ABŞ-da irqlərarası münasibətləri qızışdırmaq üçün internetdə “Don’t Shoot” (“Bizə atəş açmayın”) adlı kampaniya təşkil edib. Bu məqsədlə “Facebook”, “Instagram”, “Twitter”, “YouTube” sosial şəbəkələri və “Pokemon Go” mobil oyunundan istifadə olunub.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə CNN telekanalının apardığı jurnalist təhqiqatında bildirilir.

 

Təşkilatçılar (yəni rusiyalılar) kampaniyanın “Black Lives Matter” hərəkatı aktivistlərinin apardığı kampaniya kimi görünməsi üçün hər şeyi ediblər. CNN kampaniyanın arxasında “trol fabriki” kimi tanınan Rusiya İnternet Tədqiqatları Agentliyinin dayandığına dair məlumatlar əldə edib. Telekanal bildirir ki, kampaniyanın son məqsədi bəlli deyil. Mümkündür ki, Rusiya tərəfi həm afroamerikalıları polis özbaşınalığına qarşı kütləvi etirazlara təhrik etmək, həm də digər amerikalıları “Black Lives Matter” aktivistlərinin ciddi təhlükə yaratdığına inandırmaq istəyiblər.

 

Hazırda “Don’t Shoot” kampaniyasının “Twitter”, “Facebook” və “Instagram” səhifələri bloklanıb. Lakin “YouTube”dakı kanalı hələ ki işləyir. Bu kanal vasitəsilə CNN-in jurnalistləri Klerk York adlı şəxsin adına qeydiyyatda olan “donotshoot.us” saytına çıxıblar. K. Yorkun izini tapmaq mümkün olmayıb. CNN əməkdaşları “Tumblr” sosial şəbəkəsində həmin saytla əlaqəli olan səhifədə 2016-cı ildə elan olunmuş müsabiqəyə rast gəlib. Müsabiqə iştirakçılarına “Pokemon Go” oyunu oynayaraq polislərin qaradərili insanlara güc tətbiq etdiyi yerlərdə pokemonları tutmaq və onlara hadisələr zamanı ölmüş qaradərili amerikalıların adlarını vermək təklif olunub. Oyunçuların bu şərtə əməl edib-etmədiyi barədə məlumat yoxdur. Müsabiqə təşkilatçılarının (yəni rusiyalıların) yekun məqsədi aydın olmasa da, ehtimal edilir ki, onlar qətllərin baş verdiyi yerlərdə olan insanları qəzəbləndirməyə çalışıblar.

 

Telekanal onu da dəqiqləşdirib ki, “Facebook”da “Don’t Shoot” hərəkatına aid səhifələr “Facebook” tərəfindən bloklanan 470 səhifənin arasında olub. Həmin səhifələr vasitəsilə ABŞ-dakı seçkilərdən əvvəl siyasi reklamlar yayılıb. “Facebook” təhlükəsizlik xidmətinin direktoru Aleks Stamos bu səhifələrin Rusiyadan idarə olunduğunu bildirib və onları Sankt-Peterburqda fəaliyyət göstərən “trol fabriki” ilə əlaqələndirib.

 

Rusiyanın RBK saytı bu ilin martında yazıb ki, “trol fabriki” ümumilikdə “Facebook”da ABŞ-a və Donald Trampa həsr olunan 15 tematik ingilisdilli səhifəyə sahib imiş.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017