Bu bölmə Bakcell tərəfindən təqdim olunur

""Kasperski” qoyun dərisi geymiş canavardır" - KONQRESMEN

ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiyanın “Kasperski Laboratoriyası”nın fəaliyyəti ilə bağlı dinləmələr keçirilib.

 

İKT.lent.az-ın “Amerikanın səsi”nə istinadən verdiyi məlumata görə, palatanın Elm, texnologiyalar və kosmos üzrə Komitəsinin üzvləri Rusiya kəşfiyyatının “Kasperski Laboratoriyası”nın proqram təminatı vasitəsilə ABŞ Milli Təhlükəsizlik Agentliyində (NSA) müqavilə əsasında çalışan şəxslərdən birinin fərdi kompüterindən məxfi faylları ələ keçirməsi məsələsini müzakirə ediblər. Onlar Tramp administrasiyasından bu barədə əlavə informasiya istəyiblər.

 

“Biz NSA ilə bağlı baş vermiş hadisəyə dair yayılan xəbərləri daha yaxşı bilməli və anlamalıyıq. “Kasperski Laboratoriyası”nın məhsullarından qaynaqlanan təhlükə İsrail hökuməti tərəfindən üzə çıxarılaraq təsdiqlənib. Mən potensial risklər barədə məlumatı olanları komitə ilə əlaqə saxlamağa və həmin məlumatları bizimlə bölüşməyə çağırıram”, - deyə Komitənin sədri Lamar Smit söyləyib. Komitənin üzvü və nəzarət üzrə alt komitənin sədri Derin Lahud bu məsələ ilə bağlı çox şeyin öyrənilməli olduğunu deyib: “Biz bunu öyrənməyə başlayırıq. Düşünürəm ki, dinləmələr davam edəcək və biz dəlillərin hara apardığını görəcəyik”.  

 

“Kasperski Laboratoriyası”nın ABŞ-da tamamilə qadağan edilməsinə tərəfdar olan senator Cin Şahin (Jeanne Shaheen) hökuməti əlindəki informasiyaları açıqlamağa çağırıb. Nümayəndələr Palatasının üzvü Rocer Marşall hesab edir ki, şirkətə qarşı çoxdan tədbir görülməli idi. Qanunvericilərdən biri isə Rusiya şirkətini “qoyun dərisi geymiş canavar” adlandırıb.

 

Qeyd edək ki, Rusiya xüsusi xidmət orqanlarının 2015-ci ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi informasiyalarını ələ keçirdiyi məlum olub. Bu barədə ABŞ-ı İsrail kəşfiyyatı məlumatlandırıb. Belə ki, İsrail xüsusi xidmət orqanları “Kasperski Laboratoriyası”nın daxili şəbəkəsini “sındırıblar” və öyrəniblər ki, bu antivirusun vasitəsilə Rusiya ABŞ Milli Təhlükəsizlik Agentliyinin məlumatlarına çıxış əldə edib. İsrail bu barədə ABŞ-a xəbər verib və nəticədə ABŞ hökuməti dövlət orqanlarının “Kasperski Laboratoriyası”nın proqramlarından istifadə etməsinə qadağa qoyub. “The Washington Post”un xəbərinə əsasən 2015-ci ildə İsrail hökumətinə işləyən hakerlər Rusiya şirkətinin kompüterlərində yalnız NSA ilə əlaqəli ola biləcək proqram təminatı aşkarlayıblar. Həmin proqram təminatı rusların əlinə keçib. Belə ki, Rusiya xüsusi xidmət orqanları “Kasperski” antivirusundan istifadə edərək NSA əməkdaşının ev kompüterindən məxfi sənədləri oğurlayıblar. Sənədlərdə NSA-in digər ölkələrin şəbəkələrinə necə daxil olduğu barədə məlumatlar əksini tapıb. “The New York Times” yazır ki, əksər antiviruslar kimi, “Kasperski” də kompüterdəki bütün fayllara çıxış tələb edir. Nəticədə Rusiya kəşfiyyatı bu fayllara daxil olur.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017