Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Smartfonlardan hansı xəstəliklərə yoluxa bilərsiniz? - REPORTAJ

"Sosial şəbəkəsiz həyat superdir. İndi işlərim, uşaqlarım, ailəmlə məşğul ola bilirəm. Kitab oxumağa daha çox vaxt ayırıram. Özünə hörmət qoyan hər bir adam oranı tezliklə tərk etməlidir".

 

APA TV-nin xəbərinə görə, bir neçə gün əvvəl tanınmış jurnalist Zamin Hacının bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Kimlərsə jurnalistin bu çağırışını haqlı, kimlərsə haqsız hesab edib. Amma danılmaz faktıdır ki, bu gün texnologiyadan asılılıq həyatımıza sirayət edib.

 

Gün ərzində işdə, evdə, hətta istirahət mərkəzlərində belə mobil telefondan ayrıla bilməyən insanlarla qarşılaşırıq. Olduğu məkanın kefini çıxarmağın, dostlarla səmimi ünsiyyətin yerini sosial şəbəkələr alır. Nəticədə bu, ünsiyyət probleminə gətirib çıxarır.

 

Sosioloq Cavid İmamoğlunun sözlərinə görə, dünyanın heç bir ölkəsində smartfon asılılığı bizdə olduğu qədər deyil. Yəni xaricdə insanlar daha çox verbal ünsiyyətə üstünlük verir: "Mən dünyanın bir çox ölkələrində oluram və görürəm ki, gənclərin smartfona marağı necədir. Ən son olduğum Yunanıstanda insanlar demək olar ki, real ünsiyyətə üstünlük verirlər, xüsusən də gənclər. Onları kafedə, restoranda bütün günü əllərində smartfon görməzsən. Adamlar ünsiyyəti dəyərli bilirlər. Çünki ünsiyyət insanı depressiyadan çıxarır. Ünsiyyət insanın təklik hissini aradan qaldırır. Bizim insanlar isə əksinə, bir az depressiyaya düşən kimi istəyirlər ki, smartfona üstünlük versinlər. Oyun oynayım, internetdə post yerləşdirim. Bununla yalançı şəkildə özlərinə bir növ güvən yaratmalı olurlar, halbuki bu çox təhlükəlidir". 

 

Sosioloq hesab edir ki, biz texnologiyanı özümüzdən asılı etməliyik, yeniliklər isə bizim  inkişafımıza xidmət etməlidir: "Əgər inkişafımıza xidmət etmirsə, o zaman əksidir. Smartfona günün produktiv saatlarında yox, yorğun saatlarında yer ayırmalıyıq. Vəziyyət o yerə çatıb ki, bəzən heç bildiriş gəlməyəndə belə əlimiz telefona gedir, görək nəsə gəldimi. Heç nə gəlməyib, ekranın işığı da yanmır, amma əlimiz telefondadır. Artıq smartfon asılılığı olan insanlarıq. Ətraf aləmlə əlaqən kəsilir, inkişafdan geri qalırsan. İkinci problem nədir? Adamlar telefon əllərində yolu keçirlər. Bu təhlükədir. Ətrafa demək olar ki, diqqət, qayğı göstərmirsən, bütün qohumlar və dostlar arası münasibətlər səngiyir. Bunların hər biri insanı inkişafdan salan məqamlardır. Bu asılılıqla şəxsi həyatımızda, karyeramızda uğur qazana bilmərik".

 

Cavid İmamoğlu həddindən artıq selfi edən insanların natamamlıq kompleksindən əziyyət çəkdiklərini düşünür: "İnsan tam olanda, natamamlıq olmayanda rahat olur özü üçün yaşayır, sosiallıqdan zövq almağa çalışır. Məsələn, əyləncə yerinə uşağını aparıb, yaxud özü gedibsə, o prosesin özündən zövq alır, nəinki onu başqasına göstərməkdən. Başqası üçün yaşamır, özü üçün yaşayır. Bu özçəkim ona görə psixoloji xəstəliklər sırasına daxildir ki, bu, insanın natamamlığının bariz nümunəsidir. Bəzi insanlar ki, bundan çox asılıdırlar, onlarda bir natamamlıq hissi var. Onlar sanki başqalarının fikirlərindən, düşüncələrindən, "like"larından asılı vəziyyətdədir. İnsan özünü formalaşdırmalı, tamlaşmalıdır".

 

Psixoloq Gülər Məmmədovanın fikrincə, sosial şəbəkələrdə keçirilən vaxt şəxslərarası münasibətlərə çox mənfi təsir göstərir. İnsanların susqunluğu, bir-birinə yadlaşması bunun bariz nümunəsidir. Bu isə bir çox psixoloji fəsadlara gətirib çıxarır: "İnsanlar bir-birinin dərdinə üzbəsurət, canlı şəkildə şərik ola bilmirlər. Bir-birinin problemlərini görə bilmirlər. Yalnız robotlaşmış şəkildə, yalnız müəyyən mimikaların sayəsində insanlar hiss və emosiyalarının təzahürünü telefonda görürlər, göstərə bilirlər. Amma canlı şəkildə insan insanın nə göz yaşına, nə də təbəssümünə şərik ola, dəstək ola bilir. Hətta onun gülüşü belə canlı şəkildə deyil, sosial şəbəkələrdə hansısa bir mimikaların təzahürü ilə göstərir. Psixoloji cəhətdən insanın zamanı oğurlanır, insan inkişafdan geri qalır. İnsan daha səmərəli işlərlə məşğul olacağı halda, ailədə valideynlə övlad, ərlə arvad arasında konfliktlər formalaşır. İnsanlar psixoloji cəhətdən bir-birini tanımadan aralarında bağlantı yaranır. Bu bağlantılar sayəsində ailələrdə gərginlik boşanmalara qədər gəlib çıxır". 

 

Virtual ünsiyyət  bir vaxtlar dəbdə olan dekorativ güllər kimi sünidir. Belə ünsiyyət insana heç vaxt dost əlinin, dost baxışlarının, həmdəm təskinliyinin istiliyini verə bilməz. Odur ki, mütəxəssislərin də dediyi kimi, canlı ünsiyyətə daha çox üstünlük verək!

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017