Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiya MN-in gülünc xətası: Oyunun yaradıcısı danışdı

“AC-130 Gunship Simulator: Special Ops Squadron” kompüter oyununun yaradıcısı Dieqo Vasser Rusiya Müdafiə Nazirliyinin bu oyunun promo-rolikindən istifadə etməsini təsdiqləyib. Xatırladaq ki, noyabrın 14-də Rusiya MN ABŞ hərbçilərinin Suriyada İŞİD terrorçularına dəstəyinə dair fotolarla müşayiət olunan rəsmi açıqlama ilə çıxış edib.  

 

İKT.lent.az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, D. Vasser təsvirlərin oyunun reklam rolikindən götürüldüyünün şübhə doğurmadığını deyib: “Təbii ki, Rusiya Müdafiə Nazirliyi bu rolikdən istifadə etmək üçün bizdən icazə almayıb”.   

 

D. Vasser bu məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyinə hər hansı irad bildirmək fikrində olmadığını söyləyib: “Mən deyərdim ki, onlar bu hərəkətlərinə görə yetərli səviyyədə cəzalandırıldılar. Ciddiyyəti bir tərəfə qoysaq, mən əminəm ki, hadisə dünyada əksər insanlarda gülüş doğurdu. Əslində oyunların da məqsədi bu deyilmi?..”


Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi açıqlamasında ABŞ qüvvələrinin Suriyanın Əl-Bukemal şəhərindən çıxan İŞİD terrorçularına zərbə endirməkdən imtina etdiyini və Rusiya aviasiyasının zərbələrinə mane olmağa çalışdığını bildirib. Bəyanat pilotsuz uçuş aparatları vasitəsilə çəkilmiş fotolarla təqdim olunub. Lakin “Conflict Intelligence Team” (CIT) ekspertləri dərhal müəyyən ediblər ki, kadrlar “AC-130 Gunship Simulator: Special Ops Squadron” oyununun 2015-ci ildə yayılan reklam rolikindən götürülüb. Digər fotolar isə İraq Hərbi Hava Qüvvələrinin 2016-cı ildə Əl-Fəlluca şəhərində keçirdiyi əməliyyatı əks etdirir. Bundan sonra Rusiya MN-in “Twitter” və “Facebook” səhifələrindən həmin açıqlama və müşayiətçi fotolar yığışdırılıb. Bir qədər sonra nazirlik səhvini etiraf edərək bunun mülki əməkdaşlardan birinin xətasından qaynaqlandığını açıqlayıb.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017