Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ-ın əlindəki haker Rusiya kəşfiyyatına işlədiyini etiraf etdi

ABŞ tərəfindən “Yahoo”ya haker hücumunda ittiham edilən qazax əsilli Kanada vətəndaşı Kərim Baratov San Fransisko məhkəməsində günahını boynuna alıb. O, haker hücumlarını Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sifarişi ilə həyata keçirdiyini də etiraf edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytına məlumat verilib. “Baratov nəinki haker hücumlarını FSB-dəki şəriklərinin tapşırığı ilə etdiyini, həm də 2010-cu ildən həbsinədək - 2017-ci ilin martına qədər FSB və digər müştərilərinin sifarişi ilə 11 mindən çox qeydiyyat səhifəsini “sındırdığını” etiraf edib”, - deyə nazirliyin açıqlamasında bildirilir.

 

K. Baratov öz xidmətlərini internetdə hakerlərin iş axtardığı gizli rusdilli saytlarda reklam

edirmiş. O, səhifələrə çıxışı “fişinq” üsulu (viruslu məktublar) ilə əldə etdiyini, sonra istifadəçilərin məlumatları barədə “skrinşot”ları sifarişçilərə yolladığını, ödənişi aldıqdan sonra isə sifarişçilərə login və parolları da göndərdiyini söyləyib.
 

Qazaxıstan əsilli Kərim Baratovun 22 yaşı var. O, 2017-ci ildə Kanadada saxlanılaraq məhkəməyə çıxarılıb və qısa müddət sonra ABŞ-a ekstradisiya edilib. Hazırda onun işinə Kaliforniya məhkəməsində baxılır. 2018-ci il fevralın 20-nə təyin olunan məhkəmə iclasında hökm oxunacağı gözlənilir. Gənc hakeri 10 ilə qədər həbs və 250 min dollar cərimə cəzası gözlədiyi bildirilir.

 

ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, K. Baratov FSB əməkdaşları Dmitri Dokuçayev və onun rəisi İqor Suşinin sifarişlərini yerinə yetirib. “Yahoo”ya kiberhücumda əli olan 4-cü şəxs isə Aleksey Belan adlı hakerdir. O, ABŞ tərəfindən axtarılan ən təhlükəli 10 kibercinayətkarın sırasına daxildir. D. Dokuçayev özü də haker olub və FSB-nin İnformasiya Təhlükəsizliyinin Planlaşdırılması Mərkəzinin 2-ci şöbəsində çalışıb. Bu ilin yanvarında o, Rusiyada vətənə xəyanət ittihamı ilə həbs edilib. 


Qeyd edək ki, daha öncə Kaliforniya məhkəməsi “Yahoo” şirkətinin 500 milyon istifadəçisinin səhifələrini “sındırmış” 4 rusiyalıya rəsmi ittiham irəli sürüb. Həmin 4 nəfərdən 2-si Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Dmitri Dokuçayev və İqor Suşin, digərləri isə hakerlər Aleksey Belan və Kərim Baratovdur. İttiham aktında bildirilir ki, bu şəxslər 2014-cü ildə “Yahoo”ya kiberhücum təşkil edərək 500 milyon akkaunta çıxış əldə ediblər. Bu məlumatlardan yararlanan hakerlər həm ABŞ, həm də Rusiya dövlət məmurlarının, eləcə də jurnalistlərin “Yahoo”, “Google” və digər poçt serverlərindəki elektron ünvanlarına daxil olublar. Qurbanlar sırasında Rusiyada kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkət, Rusiya investisiya bankı, Fransa nəqliyyat şirkəti, İsveçrə bitkoin operatoru, ABŞ aviaşirkəti də var. ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, bu şirkətlərin hamısı FSB-nin maraq dairəsinə daxil imiş. Qeyd olunur ki, Dukoçayev və Suşin ABŞ federal Təhqiqatlar Bürosu (FBİ) tərəfindən axtarılan A. Belanı lazımi informasiyalarla təmin ediblər ki, bu haker FBİ-ın əlinə keçməsin. A. Belan isə "sındırılan” səhifələrdən əldə olunan məlumatı qanunsuz gəlir qazanmaq üçün istifadə edib.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017