Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Pul onun üçün bacarıqlı qumarbazın əlindəki kart kimidir” - İLON MASK NƏ İSTƏYİR?

“Space X” və “Tesla” şirkətlərinin rəhbəri, planetin ən yenilikçi iş adamı İlon Mask (Elon Musk) növbəti dəfə bütün dünyanı heyrətləndirib. O, dünyanın ən ağır daşıyıcı raketini (“Falcon Heavy”) uğurla kosmosa buraxaraq növbəti innovasion layihəyə imza atıb. İlon Mask kimdir və nəyə nail olmaq istəyir? Bu sual indi çox aktualdır. Aşağıdakı yazıda suala qısa şəkildə cavab verilir.

 

İlon Mask kimdir? Bəşəriyyətin xilası üçün gələcəkdən göndərilən şəxs? Yoxsa pul batıran iddialara axmaq sərmayəçiləri cəlb edən biznesmen? Bu sualı onun öz bioqrafı verib. Çətin ki, yaxın müddətdə bu sualın cavabı məlum olsun. Dünənki hadisədən sonra Mask haqqında maraqlı məlumatları bir araya topladıq.

 

İlon Mask Cənubi Afrikada dünyaya gəlib və 1989-cu ildə, 17 yaşında Kanadaya köçüb. Ontarioda universitet təhsilinə başlayıb və sonra Pensilvaniya Universitetinə transfer olunaraq, iqtisadiyyat və fizikadan dərəcə alıb. Daha sonra Stenford Universitetində PhD-yə başlayıb, lakin 1995-ci ildə təhsilini ataraq qardaşı ilə “Zip2” adlı onlayn xəritə və katoloq şirkətini qurub. 1995-ci ildə həmin şirkəti 300 milyon dollara satıb. Mask həmin pulu istifadə edərək digər startap – “X.com” adlı onlayn bank qurub. 2000-ci ildə “X.com” “Confinity” adlı başqa bir starap ilə birləşib və pulların transferi ilə ixtisaslaşan “PayPal”ın əsası qoyulub. Mask “PayPal”ın CEO-su və ən böyük səhmdarı olub. 2002-ci ildə şirkət 1,5 milyard dollara satılıb.

 

Elə həmin il Mask “SpaceX” şirkətinin əsasını qoyub. O, “SpaceX'ın uzunmüddətli məqsədinin insanları Marsa aparmaq olduğunu desə də, qısa müddət ərzində Yerə yaxın tədqiqat missiyalarının kommersiyalaşdırılması olacağını gizlətmirdi. Maraqlısı odur ki, o, bu barədə düşünən ilk biznesmen deyildi. İki il öncə digər biznesmen, hal-hazırda dünyanın ən zəngin insanı Ceff Bezos “Blue Origin” adlı şirkət qurub. Tarixdə ilk də göyə qaldırılan raketi uğurla yerə endirməyə müvəffəq olan şirkət də məhz elə “Blue Origin”dir.

 

Mask həm də “Tesla”nın üzü kimi tanınır. Amma çoxları bilmir ki, şirkətin qurulmasında Mask heç bir rol oynamayıb. Şirkət 2003-cü ildə Silikon Vadisinin bir neçə mühəndisi tərəfindən qurulub. Mask 2004-cü ildə sədr kimi şirkətə qoşulub və “fundraising”i artıraraq “Tesla”ya yeni nəfəs verib. “Tesla”nın iddiası elektrik avtomobillərinin istifadəsini kütləviləşdirmək idi. Lakin əksəriyyət bunu sual edirdi. Ən azı yaxın gələcəyə qədər. Çünki elektriklə çalışan güclü maşın düzəltmək mümkün olsa da, onun qiyməti kütləviliyə iddialı maşının qiymətindən qat-qat baha olası idi. Mask isə strategiyasını belə izah etdi:

 

1. Biz idman maşınları düzəldəcəyik;

 

2. Qazanılan pula əlverişli maşınlar düzəldəcəyik;

 

3. Qazanılan pula daha da əlverişli maşınlar düzəldəcəyik.

 

Elə də oldu. 2009-cu ildə “Tesla” qiyməti təxminən 110.000 dollar olan “Roadster” maşının buraxdı. 2012-ci ildə qiyməti təxminən 70.000 dollar olan “Model S” buraxıldı. 2017-ci ildən etibarən isə qiyməti 35.000 dollardan başlayan “Model 3” buraxır.

 

Mask həqiqətən fenomenal insandır. Onun haqqında oxuyanda anlayırsan ki, onun üçün pul bacarıqlı qumarbazın əlində kart kimi bir şeydir. O, pula bir vasitə kimi baxır. Öz şəxsi pullarını riskli iddialara xərcləməkdən qorxmur. Rahatlıqla bir gün 2 milyard itirə, növbəti gün isə 3 milyard qazana bilər. Nəticədə isə arzusunu reallaşdırır. Bir yoldaşı onun bu xüsusiyyətini belə izah edir: “Onun üçün ən qorxulu olan pul itkisi deyil, ona olan etibarın itməsidir”.

 

Vüqar Salamlı

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018