Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Zukerberq 5 saat ifadə verdi - "SİLAHLANMA YARIŞI GEDİR" -

“Facebook”un yaradıcısı və rəhbəri Mark Zukerberq ABŞ Konqresinin Hüquq, eləcə də Ticarət, nəqliyyat və elm komitələrinin birgə təşkil etdiyi dinləmələrdə çıxış edib.

 

İKT.lent.az-ın xəbərinə görə, M. Zukerberq 5 saat ərzində qanunvericilərin suallarını cavablandırıb. Əsas mövzular istifadəçi məlumatlarının qorunması, sosial şəbəkədə yalan xəbərlərin yayılması və Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi məsələləri olub.  

 

“Sosial şəbəkəni mən yaratmışam, mən idarə edirəm və baş verənlərə görə də mən məsuliyyət daşıyıram”

 

Dinləmələrin gedişində M. Zukerberq Rusiya hökumətinə bağlı strukturların ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxiləsi, eləcə də Britaniyanın “Cambridge Analytica” konsaltinq firmasının 87 milyondan çox istifadəçinin məlumatlarını toplaması ilə əlaqədar qalmaqala görə dəfələrlə üzr istəyib. O qeyd edib ki, sosial şəbəkə insanların öz yaxınları ilə əlaqə qurması, ictimai həyatda fəal iştirak etməsi, bizneslərini inkişaf etdirməsi üçün vasitəyə çevrilib. Bununla yanaşı, o, yol verdikləri qüsurları da etiraf edib: “İndi aydın olur ki, biz bu vasitənin pis məqsədlə istifadə olunmasının qarşısını almaq üçün kifayət qədər iş görməmişik. Bu, uydurma xəbərlər, seçkilərə xarici müdaxilə, şəxsi məlumatların qorunması, nifrət məzmunlu çıxışlar, proqram əlavələri ilə bağlı problemlərə aiddir. Bu, böyük səhv idi, mənim səhvim idi və buna çox təəssüflənirəm. “Facebook”u mən yaratmışam, mən idarə edirəm və baş verənlərə görə də mən məsuliyyət daşıyıram”.

 

“Britaniya firmasına inanmaqla səhv etmşik”

 

Mark Zukerberq “Cambridge Analytica” ilə bağlı qalmaqala dair ətraflı danışıb.  O, etiraf edib ki, 2015-ci ildə, istifadəçi məlumatlarının bu firma tərəfindən ələ keçirilməsini öyrəndikləri zaman, ABŞ-ın müvafiq dövlət orqanı – Ticarət üzrə Federal Komissiyasını xəbərdar etməyiblər: “Bizə “Cambridge Analytica”dan dedilər ki, onlar həmin informasiyalardan istifadə etmirlər, siliblər. Biz hesab etdik ki, məsələ bağlanıb. İndi görürük ki, səhv etmişik. Biz onların sözünə inanmamalı idik”.

 

M. Zukerberq bir daha belə hala yol verməmək üçün sosial şəbəkədə yeni qaydalar müəyyənləşdirildiyini söyləyib. O, “Cambridge Analytica”nın əlindəki məlumatların bir qisminin Rusiyada saxlanılması ehtimalı ilə razılaşmayıb. Britaniya firmasının sabiq əməkdaşı Krtistofer Uayli ötən həftə bildirib ki, bu, mümkündür. “Facebook” rəhbəri bu iddianı təsdiqləyən hər hansı məlumata malik olmadığını deyib.

 

“Dezinformasiya metodları getdikcə təkmilləşəcək”

 

Bir sıra senatorlar, xüsusən demokratlar Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi üzərində xüsusi dayanıblar. M. Zukerberq bu məsələdə də öz səhvini etiraf edib: “Mənim ən çox təəssüf etdiyim məsələlərdən biri də budur ki, 2016-cı ildə Rusiyanın informasiya əməliyyatlarının aşkara çıxarılmasında yavaş hərəkət etmişik”.

 

M. Zukerberq sosial şəbəkədə “silahlanma yarışı” getdiyini, siyasi dezinformasiya yaymaq metodlarının getdikcə təkmilləşəcəyini nəzərə çatdırıb: “Rusiyada elə adamlar var ki, onların işi bizim sistemimizdən, eləcə də internetdəki digər sistemlərdən yararlanmaqdan ibarətdir. Yəni bu, silahlanma yarışıdır. Onlarda bu iş getdikcə daha yaxşı alınacaq və bizdə də yaxşı alınması üçün bu sahəyə yatırım qoymalıyıq”.

 

“Facebook” xüsusi prokuror Robert Müllerlə əməkdaşlıq edir

 

“Facebook” rəhbəri qeyd edib ki, indi onlar nəinki ABŞ Konqresinə bu il keçiriləcək seçkilərə, eləcə də Hindistan, Braziliya kimi ölkələrdə keçiriləcək seçkilərə müdaxilə cəhdləri ilə mübarizəyə daha yaxşı hazırdırlar. Belə ki, seçkilərə müdaxilə edən və ya yalan məlumatlar yayan saxta akkauntları aşkara çıxarmaq üçün sosial şəbəkədə süni zəkaya əsaslanan yeni vasitələrdən istifadə olunmağa başlanıb. Nəticədə on minlərlə səhifə bloklanıb və onların zərərverici fəaliyyəti qabaqcadan əngəllənib. M. Zukerberq “Facebook”da ilin sonuna qədər bu sahə ilə məşğul olan əməkdaşların sayını 20 minə çatdıracaqlarını vurğulayıb.

 

M. Zukerberq Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin ofisi ilə əməkdaşlıq etdiklərini də açıqlayıb. O, Çin təhlükəsini də real adlandırıb və bəyan edib ki, Çinin internet şirkətləri ABŞ üçün strateji təhdiddir.

 

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018