Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Texnoloji savaş: Tramp Çinə təzyiqi artırır

ABŞ iyunun 25-də Çindən idxal olunan mallara 50 milyard dollar dəyərində 25%-lik gömrük rüsumları tətbiq edəcək.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə Ağ Evdən bildirilib.

 

Rüsumlar istehsalat üçün vacib olan texnologiyalarla bağlı, o cümlədən “Made in China 2025” dövlət proqramına aid mallara tətbiq olunacaq. Bu proqram Çin sənayesinin 10 sahəsinin modernləşdirilməsinə dair strateji plandır.  


Yeni rüsumların şamil olunacağı malların siyahısı hələ açıqlanmasa da, onların iyunun 15-də elan olunacağı gözlənilir. Ağ Evin məlumatında deyilir ki, ABŞ-da Çin avtomobillərinin ölkəyə gətirilməsindən 2,5% rüsum tutulduğu halda, Çində ABŞ avtomobillərinin idxalından 25% rüsum tutulur.

 

Bundan başqa, ABŞ Dünya Ticarət Təşkilatında Pekinin texnologiyaların lisenziyalaşdırılmasına dair diskriminasion tələblər irəli sürməsini mübahisə mövzusuna çevirməyə davam edəcək. Ağ Ev ABŞ-dan sənaye əhəmiyyətli texnologiyaların qanunsuz əldə olunması ilə əlaqədar Çinin ayrı-ayrı şirkətləri və fərdlərinə qarşı sanksiyalar da tətbiq etməyə hazırlaşır. Sanksiya siyahısı iyunun 30-da təqdim olunacaq.   
 

Xatırladaq ki, mayın 20-də tərəflər iki ölkə arasındakı ticarət kəsirinin ixtisarı barədə razılığa gəldiklərini açıqlamışdı. ABŞ maliyyə naziri Stiven Mnuçin və Çin Dövlət Şurasının müavini Lyu Xe ticarət müharibəsinin dayandırıldığını bəyan etmişdilər. “The New York Times” D. Trampın son qərarını kursun dəyişməsi adlandırıb. Qəzet yazır ki, Trampın komandasında proteksionist baxışlara malik “iqtisadi millətçilər” və məhdudiyyətlərin bazara zərər vuracağından ehtiyatlanan Mnuçin tipli mötədillərin mübarizəsi gedir: “Belə görünür ki, bu raundda millətçilər qalib gəldi”.

 

ABŞ ticarət naziri Uilbur Ross danışıqların davam etdirilməsi üçün Pekinə səfər edəcək.

 

Qeyd edək ki, Vaşinqton Çindən ticarət kəsirini azı 200 milyard dollar həcmində azaltmağı və “Made in China 2025” proqramı çərçivəsindəki bəzi subsidiyalardan vaz keçməyi tələb edir. Amerika biznesi ehtiyatlanır ki, Çin sənayesi dövlətin ciddi dəstəyini alarsa, onlarla rəqabət apara bilməyəcək. Dəstək növlərindən biri Pekinin xarici şirkətləri öz sənaye innovasiyalarını və patentlərini Çinə verməyə məcbur edən taktikalardan istifadə etməsidir.

 

Ağ Evdən deyiblər ki, Çin ABŞ şirkətlərinin texnologiyalarını əldə etmək və Amerika kreativliyini azaltmaq üçün aqressiv siyasət aparır.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018