Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ-dan Çinə texnoloji zərbə hazırlığı - SAVAŞ QIZIŞIR

Ağ Ev Çinlə ticarət müharibəsində yeni addım atmağa hazırlaşır.

 

İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, prezident Donald Tramp ABŞ-ın texnologiya sektoruna Çin yatırımlarını kəskin ixtisar etməyə hazırlaşır. Ticarət naziri Uilbur Ross təsdiqləyib ki, ABŞ hökuməti texnologiya ixracı üzərində nəzarəti gücləndirmək imkanlarını araşdırır.  

 

Beləliklə, Vaşinqton Çinə əhəmiyyətli texnologiyaların ixracını bloklamaq niyyətindədir. Bu, Pekin tərəfindən “Made in China 2025” dövlət proqramının həyata keçirilməsinə mane olmalıdır. Belə ki, həmin proqramda 10 önəmli istiqamət üzrə, o cümlədən IT, aerokosmik texnologiyalar, elektromobil istehsalı və biotexnologiyalar sahələrində Çinin dünya liderliyinə yüksəlməsi vəzifəsi qarşıya qoyulub.  

 
ABŞ Maliyyə Nazirliyi hazırda qanunvericiliyə dəyişikliklər üzərində çalışır. Bu dəyişikliklər çinli sahibkarların payının 25%-dən çox olduğu şirkətlərin sənaye əhəmiyyəti yüksək olan texnologiyalar üzrə ixtisaslaşan ABŞ şirkətlərini və startaplarını satın almasını qadağan edəcək. Daha bir məhdudlaşdırıcı paketi ABŞ Milli Təhlükəsizlik Şurası və Ticarət Nazirliyi hazırlayır. Onların vəzifəsi Çinə texnologiya ötürülməsi üzərində nəzarətin təmin edilməsi mexanizmlərini hazırlamaqdır. “Biz görürük ki, trilyonluq investisiyalar texnoloji üstünlük tacını bizdən ala bilər. Biz bundan müdafiə olunmağı bacarmalıyıq”, - deyə Ağ Evin ticarət müşaviri Piter Navarro bildirib. Ticarət naziri Uilbur Ross isə ABŞ-ın texnoloji üstünlüyünü qorumağa hazır olduqlarını söyləyib.

 

Qeyd edək ki, “Made in China 2025” proqramı çərçivəsində Çin hökuməti ölkədə fəaliyyət göstərən xarici şirkətləri öz sənaye texnologiyaları və patentlərini çinli şəriklərinə ötürməyə məcbur edir. Bu proqram üçün ayılan subsidiyalar Vaşinqton və Pekin arasındakı ticarət savaşının səbəblərindən biridir.  

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018