Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çinin mobil operatoru ABŞ bazarına buraxılmır

ABŞ-ın Telekommunikasiya və İnformasiya üzrə Milli İdarəsi (NTIA) Rabitə üzrə Federal Komissiyaya (FCC) tövsiyə edib ki, Çinin rabitə operatoru “China Mobile”ı ABŞ bazarına buraxmasın.

 

İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi xəbərə görə, səbəb “China Mobile”ın fəaliyyətinin ABŞ-ın milli təhlükəsizliyinə risk yaratmasıdır.  

 

“China Mobile” dünyanın ən böyük 3-cü mobil operatorudur və bu sahədə yalnız ABŞ-ın AT&T və “Verizon” şirkətlərindən geri qalır. Çin şirkəti ABŞ-da fəaliyyət icazəsi almaq üçün ilk dəfə 2011-ci ildə FCC-yə müraciət edib. Cavab almadıqdan sonra 2013-cü ildə müraciətin təmin olunması xahişi ilə növbəti dəfə Komissiyaya üz tutub. Müraciətə hələ də baxılır.

 

Müraciətin rədd edilməsini istəyən NTIA-in arqumentlərindən biri budur ki, “China Mobile”ın 74%-i Çin hökumətinə məxsusdur. NTIA hesab edir ki, dövlət payı 10%-dən artıq olan bütün şirkətlər yoxlanılmalıdır. Təşkilat həm də ehtiyatlanır ki, “China Mobile” Çin hökuməti tərəfindən kiberhücumlarda istifadə edilən alətə çevrilə bilər. “İcazənin verilməsi ABŞ-ın milli təhlükəsizliyi üçün qəbuledilməz risklər yaradacaq”, - deyə qurumun rəyində bildirilir.

 

Çin hökuməti isə ABŞ-ın bu mövqeyinə etirazını ifadə edib. “Biz ABŞ-ı Çin şirkətlərinə qarşı əsassız fərziyyələrlə təzyiq göstərməyi dayandırmağa, investisiyalar üçün ədalətli şərtlər yaratmağa, qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi üçün daha çox iş görməyə çağırırıq”, - deyə Çin XİN-in bəyanatında qeyd olunur.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018